G-74H2NJVZ8R
Heroes.az Cover Image
Heroes.az Profile Picture
Heroes.az
@Heroes
2 people like this
+994503911521

Mirzəyev Hikmət İzzət
General-leytenant Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968-ci ildə anadan olub.

O, birinci Ermənistan-Azərbaycan müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb. Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb. Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb.

Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib. Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib.

Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb. Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Doğum Günü - 29.02.1968

#qehraman #qehramanlar #qehramanlarunudulmur #azerbaycan #azerbaycanordusu #azerbaycanqehramanlari #heroes #heroesazerbaijan #unutma #azerbaijan

image

Abdullayev Rövşən Əbdülhüseyn
1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Burada birinci sinfə getmiş, orta təhsilini isə Astara rayonunun 1 saylı orta məktəbində başa vurmuşdur. Sonralar ailəsi Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi Məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər DİŞ-nə verirlər. Lakin o, təkid və tələbdən sonra təyinatını Azərbaycana dəyişdirir. O, Azərbaycana qayıdan kimi Respublika DİN-nin nəzdindəki daxili qoşunların tərkibində fəaliyyətə başlayır. Dörd il ərzində ali məktəbdə aldığı bilik burada onun karına gəlmişdi. Gənc zabit bir müddətdən sonra Zəngilana göndərilir. Komandiri olduğu taqımın tərkibi 70 nəfərdən ibarət idi. Onlar Zəngilan rayonunun kəndlərini qoruyurdular. Rövşənin başçılıq etdiyi dəstə öz qəhrəmanlığı, şücaəti ilə ad çıxarmışdı. Məhz bu gənc zabitin köməyilə düşmənin Qafan rayonunda yerləşən bir neçə mühüm strateji əhəmiyyətli obyekti məhv edildi. 13 sentyabr 1992-ci il... Rövşənin son döyüşü... Düşmən qəflətən Zəngilanın Qazançı kəndinə hücuma keçmişdi. O, bir dəstə döyüşçü yoldaşı ilə “QAZ-66” markalı maşına əyləşib, Qazançıya yollandı. Onlar kəndin beş kilometrliyində düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar. Erməni quldurları onları güclü atəşə tutdular. Rövşən yoldaşlarına əmr etdi ki, yaxınlıqdakı meşəyə çəkilsinlər. O özü isə döyüş dostlarını müdafiə edirdi. Düşmənlə ölüm-dirim savaşı gedirdi. Rövşən qolundan, sonra isə budundan ağır yaralansa da, silahı yerə qoymurdu. Yoldaşları onu Zəngilan rayon xəstəxanasına çatdırsalar da, gec idi. Çoxlu qan itirdiyindən o, gözlərini əbədi yumdu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə leytenant Rövşən Əbdülhüseyn oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.

Doğum Günü - 16.11.1969
Anım Günü - 13.09.1992

#qehraman #qehramanlar #qehramanlarunudulmur #azerbaycan #azerbaycanordusu #azerbaycanqehramanlari #heroes #heroesazerbaijan #unutma #azerbaijan

image

Rəhimov Cavanşir İzzət
5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulmuşdur. Bir yaşında olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşdür. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə getmiş, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirmişdir. O, idmanın karate növü ilə də ciddi məşğul olurdu. Qısa müddətdə idman ustası normasını ödəmişdi.

C.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək düşmüşdü. Çox keçmədi ki, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsgər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. C.Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil oldu. 6 avqust 1992-ci ildə vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxdılar. İki uçuşu müvəffəqiyyətlə başa vurdular. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirdi. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmədi. Mİ-24 vertolyotu yenidən səmaya qalxdı. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmirlər. Yerə enəndə artıq gec idi; vertolyot alova bürünmüşdü...

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.

Doğum Günü - 05.06.1973
Anım Günü - 06.08.1992

#qehraman #qehramanlar #qehramanlarunudulmur #azerbaycan #azerbaycanordusu #azerbaycanqehramanlari #heroes #heroesazerbaijan #unutma #azerbaijan

image

Əsgərova Gültəkin Məlik
20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiada yarışlarında daim iştirak etmiş və həmişə qalib olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş və təhsilini 1989-cu ildə başa vurmuşdur. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləmişdir. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışmışdır. Daha sonra Uroloji xəstəxana... O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada gedən döyüşlərdə iştirak edir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir. Uzun döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.

Ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidenlinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.

Doğum Günü - 20.11.1960
Anım Günü - 01.01.1970

#qehraman #qehramanlar #qehramanlarunudulmur #azerbaycan #azerbaycanordusu #azerbaycanqehramanlari #heroes #heroesazerbaijan #unutma #azerbaijan

image

Əliyev Əliyar Yusif
14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində doğulmuşdur. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmişdir. 1980-ci ildə hərbi xidmətə getmişdir. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllim işləmişdir. 1983-cü ildə yenidən doğma yurda qayıtmışdır. O, bir müddət rayon orta məktəbində müəllim işləmiş, “Məhsul” kənd Könüllü İdman Cəmiyyətində məşqçi olmuş, 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilmişdir. O, respublikanın adlı-sanlı idmançılarından biri sayılırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlmişdi. Gənc pəhləvan, eyni zamanda, bir sıra mühüm yarışların hakimi və baş hakimi olmuşdu. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu.

Ə.Əliyev respublikamızda gedən ictimai-siyasi hadisələrdə yaxından iştirak edirdi. O, rayonda Xalq Hərəkatına rəhbərlik edir, demokratik qüvvələrin birləşməsində yüksək təşkilatçılıq qabiliyyəti göstərirdi. Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri də Ə.Əliyev olmuşdur. 1990-cı ilin aprel ayında düşmənin Başarat kəndinə və mühüm strateji əhəmiyyəti olan ətraf yüksəkliklərə böyük qüvvə ilə hücum edəcəyi gözlənilirdi.Tabor komandiri düşmənin taktikasına yaxşı bələd idi.O, hücumun ya gecəyarıdan keçmiş, ya da səhər açılmamış başlayacağını təxmin etmişdi və zənnində yanılmamışdı. Dan yeri sökülməmiş, Topağac yüksəkliyi toplardan şiddətli atəşə tutuldu. Ə.Əliyevin başçılıq etdiyi dəstə hücumu qətiyyətlə dəf edərək, düşmənə güclü əks-zərbə endirdi. Cəsur komandirin uzaqgörənliyi nəticəsində döyüş tam qələbə ilə başa çatdı; düşmən xeyli canlı qüvvə və hərbi texnikasını itirərək, geri çəkilməyə məcbur oldu. 1992-ci il sentyabrın 30-da Ə.Əliyevin komandirlik etdiyi tabor Laçın rayonunun ərazilərini erməni işğalçılarından azad etmək üçün güclü hücum əməliyyatına başladı. Qısa müddət ərzində düşmənin 30-dan artıq mövqeyi darmadağın edildi. Sonra Laçın rayonunun mərkəzində gedən döyüşlər... Onun adı bir əfsanəyə dönmüşdü. Hər yerdə onun rəşadətindən danışırdılar.

1992-ci il... Oktyabrın 3-ü... Şurumbaşı yüksəkliyi... Qanlı döyüşlər... Əliyar Əliyevin taboru “Tikanlı zəmi” deyilən dağa qədər irəliləmişdi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. Lakin o, yüksəkliyə çata bilmədi, düşmən gülləsinə tuş gələrək şəhid oldu.

Evli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qubadlı rayonunun Qazyan kəndində dəfn edilmişdir.

Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor və Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.


Doğum Günü - 14.12.1957
Anım Günü - 03.10.1992

#qehraman #qehramanlar #qehramanlarunudulmur #azerbaycan #azerbaycanordusu #azerbaycanqehramanlari #heroes #heroesazerbaijan #unutma #azerbaijan

image
About

“Vətən Müharibəsi Qəhrəmanları” və “Azərbaycanın Milli Qəhrəmanları” haqqında www.heroes.az veb saytı